Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Salyan rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda cari ilin ilk Aqrar Biznes Festivalı keçirilib. Festivalda KTN-nin tabeli qurumları, Salyan, Saatlı, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, Cəlilabad  rayonlarından olan fermerlər, elmi-tədqiqat institutları, mütəxəssislər, alimlər, aqrar sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları da iştirak ediblər.
Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar, texnika, gübrə, toxum, dərman, ting və yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənib. 
Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilib.
Tədbirdə ƏETİ-nin mandatına daxil olan bitki nümunələrinin toxumları, yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras və digər nümunələr nümayiş olunub. 
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.
Festivalda KTN aparatının “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsi tərəfindən müxtəlif mövzularında fermerlərə təlimlər keçirilib.
Aqrar Biznes Festivallarının keçirilməsinin əsas məqsədi regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsi olub. Festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb.
© 2020 Əkinçilik ETİ