Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu İsmayıllı rayonunda keçirilən növbəti Aqrar Biznes Festivalında iştirak edib

İsmayıllı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  Aqrar Biznes Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələri, Ağsu, İsmayıllı, Qobustan, Qəbələ, Ağdaş, Göyçay, Şamaxı rayonlarından olan fermerlər iştirak ediblər.

Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları, müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.

Festival çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinin rolu və COP29 çərçivəsində həyata keçiriləcək tədbirlər”ə dair təqdimat keçirilib. Eyni zamanda, tədbir zamanı COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflilik mövzularında videoçarxlar nümayiş olunub.

Festivalda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tabeliyində fəaliyyət göstərən Qobustan Bölgə Təsərrüfatının rəhbərliyi iştirak edib. Tədbirdə ƏETİ-nin mandatına daxil olan yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras və digər bitki nümunələrinin toxumları nümayiş olunub.

© 2020 Əkinçilik ETİ