Xəbərlər

“Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi: dəmyədə taxılçılığın problemləri və müasir yanaşmalarla quraqlığa davamlılıq və məhsuldarlığın artırılması” mövzusunda tarla seminarı keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi: dəmyədə taxılçılığın inkişafı və müasir yanaşmalarla quraqlığa davamlılıq və məhsuldarlığın artırılması” mövzusunda tarla seminarı keçirilib.

Tədbir KTN ƏETİ və Elm və Təhsil Nazirliyinin (ETN) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov tarla seminarının əhəmiyyətindən danışıb, aktual məsələlərə toxunub.

Sonra ƏETİ-nin direktoru Faiq Xudayev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, KTN Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, “Qarabağ yem fabriki” MMC-nin direktoru Rafail Mahmudov, Qobustan BTS-in direktoru Atabəy Cahangirov çıxış ediblər.

Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu, Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.

Tədbirdə KTN-nin, ƏETİ-nin, ETN-nin, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, bölgə DAİM-lərinin nümayəndələri, aidiyyatı şirkətlərin nümayəndələri, mütəxəssislər və bölgə fermerləri iştirak ediblər.

Sonda əkin sahələrinin və tədqiqat prosesinin nümayişi həyata keçirilib, mütəxəssislərlə müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ