Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Saatlı rayonunda keçirilən növbəti Aqrar Biznes Festivalında iştirak edib

Saatlı rayonunda AR KTN Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı keçirilib.

Kənd təsərrüfatına dair müxtəlif texnologiya və məhsulların əyani nümayiş olunduğu festivalda Saatlı, Sabirabad, Salyan, İmişli, Biləsuvar və Kürdəmir rayonlarından olan fermerlər iştirak ediblər.

Festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş edilib. Festivalda “GreenAgroHack” hakaton yarışmasının qaliblərinin iştirakı ilə startap zona təşkil olunub. Startap zonada qalib iştirakçılar “yaşıl ağıllı həllər”, hava, torpaq, rütubət və nəmlik göstəricilərini özündə toplayan suvarma texnologiyaları və fermerlərə məsləhət xidməti göstərən mobil tətbiqlərini festival iştirakçılarına nümayiş etdiriblər.

Festival çərçivəsində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində uğurla təmsil olunan arıçılar və pambıqçılar əldə etdikləri yüksək nəticələrə görə mükafata layiq görülüblər.

Festival çərçivəsində COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflilik mövzularında videoçarxlar nümayiş olunub.

Festivalda bölgənin prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib. Festivaldan sonra hakaton iştirakçıları ilə birgə “Agro Dairy” MMC-nin Hacıqabul rayonundakı təsərrüfatına tur təşkil edilib. 

Festivala qatılan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları tərəfindən mandata daxil olan bitki nümunələrinin (yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras) toxumları, məlumatlandırıcı bukletlər, tövsiyyələr, kitablar və digər nümunələr sərgilənib.

İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.

© 2020 Əkinçilik ETİ