Xəbərlər

Əkinçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Dövlət Aqrar Universitetində 16-cı “Karyera Sərgisi-2024”- də iştirak edib

Ənənəvi olaraq hər il keçirilən karyera sərgisində Elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, ”Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov  müvafiq  informasiya vərəqələri, buklet, nəşr materialı və əyani vəsaitlərlə Əkinçilik ET İnstitutunu təmsil edib.
İlk öncə iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzi meydanında yerləşən abidəsi ziyarət edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin açılış mərasimində ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək, sərgidə 100 - dən çox təşkilat və şirkət tərəfindən 1000 - dən çox vakant yerin təqdim olunduğunu qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək intensiv inkişafın aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğundan birbaşa asılılığını, dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasını təmin edən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyacın artdığını diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop məzun olan tələbələrə uğurlar arzu edərək, keçirilən karyera sərgisinin əhəmiyyətindən bəhs ediblər.
Açılış mərasimindən sonra digər  iştirakçı şirkət və müəssisələrlə yanaşı  Əkinçilik ETİ-nin  vakant iş yerləri barədə məzunlara ətraflı məlumat verilib.

15-dən çox tələbə ƏETİ-dəki vakansiyalara böyük maraq göstərib, təklifləri dəyərləndirərək, CV təqdim ediblər.

© 2020 Əkinçilik ETİ