Xəbərlər

Əkinçilik ET İnstitutunun Şəki Dayaq Məntəqəsində “Eyni sahədən bir ildə iki dən məhsulun alınması texnologiyasının səmərəliliyi” mövzusunda təlim-seminarı keçirildi

27 iyul 2018-ci il tarixində Əkinçilik ET İnstitutunun Şəki Dayaq Məntəqəsində  “Eyni sahədən bir ildə iki dən məhsulun alınması texnologiyasının səmərəliliyi” mövzusunda təlim-seminarı keçirildi. Seminarda Əkinçilik ET İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı Şəki Rayon Kənd Təsərrüfatı İdarəsinin, Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları və eləcə də bölgənin ətraf rayonlarının fermerləri də iştirak edirdilər.

Təlim-seminarını giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov öz çıxışında ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından kənd təsərrüfatının ölkə iqtisadiyyatında əsas strateji sahələrdən biri olduğunu, Kənd Təsərrüfatı Tədqiqatları Sistemində əldə edilən elmi nəticələrin, innovativ fəaliyyətlərin dolayısı ilə ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı şəkildə təmin olunmasına müsbət təsiri, təkrar əkinlərdə ikinci məhsulun dövlət tərəfindən dəstəklənməsi, fermerlərin maliyyə imkanlarının yaxşılaşmasında əhəmiyyəti bu səpkidə keçirilən tədbirlərin alim-fermer münasibətlərinin formalaşmasında rolu və digər zəruri məsələlərə ətraflı toxundu. Şəki Dayaq Məntəqəsinin direktoru Məjlum Şükürov seminar iştirakçılarını salamladı və keçirilən təlim-seminarın fermerlərin maarifləndirilməsində rolu, məntəqənin elmi və təsərrüfat fəaliyyəti, məntəqənin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə təsbit edilmiş strateji hədəflərə uyğun qarşıda duran vəzifələr haqqında qeyd etdi.

Təlim seminarında Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “İkinci məhsul üçün uyğun kənd təsərrüfatı bitkilərinin seçilməsi”, "Davamlı əkinçilik və bitki diversifikasiyası" şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev “Aralıq bitkilərin gübrələnməsi və becərilməsinin iqtisadi səmərəliliyi”, "Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi" laboratoriyasının elmi işçisi Xalid Hətəmov “Yem bitkilərinin ikinci məhsul üçün becərilməsinin əsas texnoloji əməliyyatları” mövzularında təqdimatla çıxış etdilər. Təlim-seminar öz işini Əkinçilik ET İnstitutunun Şəki Dayaq Məntəqəsində təkrar əkinlərlə əlaqədar qarğıdalı bitkisi ilə qoyulmuş tarla təcrübələrində davam etdirdi.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi və fermerlərin sualları ətraflı cavablandırıldı.

© 2020 Əkinçilik ETİ