Xəbərlər

Əkinçilik ET İnstitutunda Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş seminar keçirildi

26 sentyabr 2018-ci il tarixində Əkinçilik ET İnstitutunda Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş seminar keçirildi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai seminarın açılışını elan etdikdən sonra Akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra C.Təlai Azərbaycan ictimaiyyəti fundamental irsi, Vətən, torpaq sevgisinin müqəddəs işığında aldığı dəyərli universal nəzəri-tətbiqi nəticələri ilə elmə köklü yeniliklər gətirmiş, dünya biologiya elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını dünyanın tanınmış elm korifeyləri ilə bir sırada yazmış, görkəmli akademik Cəlal Əlirza oğlu Əliyevin 90 yaşı tamam olduğunu bir daha vurğulayaraq bildirdi ki, zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademikin bütün həyatı yer üzərində həyatın əsasını təşkil edən  fotosintez prosesinin öyrənilməsinə həsr edilmişdir. Geniş diapazonlu elmi fəaliyyəti ilə alim Azərbaycan elminin inkişafında, dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında misilsiz xidmətlər göstərmiş, eyni zamanda dünya elminə böyük töhfələr vermişdir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Elmi Əsərləri Məcmuəsinin XXIX cildində (Bakı 2018), Azərbaycan aqrar elmi-elmi nəzəri jurnalında (№4 2018,), Kənd həyatı (№ 08 və № 12  2018, təsisçi: KTN) qəzetlərində Akademik Cəlal Əliyevin xatirəsinə həsr olunmuş məqalələr dərc edilmişdir.

Sonra “Bitki fiziologiyası və biotexnologiya” şöbəsin müdiri, b.ü.e.d., dosent Tofiq Allahverdiyev “Bitki fiziologiyası və biotexnologiyası şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi ilə aparılmış buğda və digər mədəni bitkilərin məhsuldarlığının və stres amillərinə davamlılığının çox tərəfli tədqiqatları” mövzusunda təqdimatla çıxış edərək seminar iştirakçılarına ətraflı məlumat verdi. O, həmçinin bildirdi ki, geniş diapazonlu elmi fəaliyyəti ilə Cəlal Əliyev Azərbaycan elminin təşkili işində və inkişafında, dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində misilsiz xidmətlər göstərmiş və dünya elminə dəyərli töhfələr vermişdir.

Akademik Cəlal Əliyevin bu illər ərzində əldə etdiyi elmi nailiyyətlər hələ çox əsrlər boyu  Azərbaycan xalqına, onun gələcək nəsillərinə xidmət edəcəkdir. O, elə yaşadı ki, bu gün fiziki yoxluğundan sonra da xalqa və dövlətçiliyimizə misilsiz xidmətləri onu yaşadır. İstedadlı alim, ləyaqətli vətəndaş, müdrik insan elmə gətirdiyi yenilikləri və dövlətçiliyə xidmətləri ilə daim xatırlanacaq.

 

 

© 2020 Əkinçilik ETİ