Xəbərlər

Qobustan, Şamaxı rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 11.03.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutu Torpaq və bitki analizləri laboratoriyasının müdiri, a.e.ü.f.d.,dosent İmralı  Hacıməmmədov Qobustan, Şamaxı DAİM-də fermerlərə “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçmişdir.  Təlim zamanı torpağın səpinə hazırlanması, topağın asan mənimsənilən əsas qida maddələri ilə təmin olunması səviyyəsindən asılı olaraq gübrə normalarının müəyyənləşdirilməsi, bitkinin torpaqdan və gübrədən asan hidroliz olunan azot, mütəhərrik fosfor və kaliumu mənimsəmə əmsalına və bitkinin 1 sentner dən məhsulunun əmələ gəlməsinə azot, fosfor və kalium sərfinə əsasən gübrə normalarının müəyyənləşdirilməsi, sələf bitkisindən asılı olaraq azot gübrəsinin verilmə vaxtları və üsulları ətraflı izah olunmuşdur. Qobustan bölgəsində torpaqların əsasən orta və  aşağı qatları  bəzən yüksək karbonatlı olduğu üçün fosfor və kalium gübrələrinin əsas şum altına yox səpin qabağı becərmədə verilməsi məsləhət görüldü. Digər tərəfədən fermerlərə tövsiyə olundu ki, səpinlə birlikdə hektara 100-120 kq (fiziki çəkidə) “Ammofoska” və ya “Nitrofoska” (N16P16K16 ± 1) verilməsi iqtisadi səmərəliliyinin artlırılmasına müsbət təsir göstərir. Tədbirdə taxılçılıqla məşğul olan 45 nəfər fermer və mütəxəssis iştirak etmişdir. Təlimdə torpaq nümunələrinin götürülməsi, gübrələrin verilməsinə dair suallar ətraflı olaraq cavablandırıldı.

 

© 2020 Əkinçilik ETİ