Xəbərlər

Əkinçilik ET İnstitutunda ”Coğrafi informasiya sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi metodikası” mövzusunda elmi seminar keçirildi

18.03.2019 tarixində Əkinçilik ET İnstitutunda elmi seminar keçirildi. İnstitutun direktoru Cavanşir Təlai seminarı giriş sözü ilə açaraq Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya üzrə elmlər doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1992), Dünya Torpaqşünaslar Cəmiyyəti İttifaqının daimi üzvü (1998), V.V.Dakuçayev adına Ümumrusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü (1994), Beynəlxalq Noosfer Akademiyasının akademiki (2001), Rusiya Təbiət Elmlər Akademiyasının akademiki (2001),  Avropa Beynəlxalq Akademiyasının həqiqi üzvü (Avstriya, 2001), Moldova Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü, AMEA-nın Aqrar məsələlər üzrə müşaviri, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri Qərib Məmmədovu və tədbir iştirakcılarını salamladı. C. Təlai Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Bakı Dövlət Universiteti tərəfindən, akademik Qərib Məmmədovun rəhbərliyi ilə hazırlanan “Coğrafi informasiya sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi metodikası” haqqında  fikirlərini bildirdikdən sonra cıxış ücün sözü akademik Qərib Məmmədova verdi. Akademik təqdimatla çıxış etməzdən əvvəl 27 sentyabr 2018 tarixində Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanan Niyyət Sazişinə istinadən bir sıra məsələlərə aydınlıq gətirdi. Akademik bildirdi ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. Sonra o coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verdi. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib  prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş etdirdi. Bildirdi ki, ilk dəfə müasir coğrafi informasiya sistemləri proqram təminatı əsasında respublika ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi bütün miqyas spektrini, həmçinin interaktiv yenilənmə rejimini dəstəkləyən elektron xəritə platforması yaradılıb. Həmçinin torpaq, aqrokimyəvi, habelə multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası işlənib. Akademik həmcinin bu istiqamətdə gələcək planlarını da dilə gətirdi, tövsiyələr verdi. Metodik göstərişin rəyçiləri Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, “DATUM” MMC-nin direktoru, texnika üzrə fəlsəfə doktoru Camal İsmayılov və Seul Milli Universitetinin professoru Hee-Myog Ru olduğu da diqqətə catdırıldı. Sonda Əkinçilik ET institutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçi Rüfət Mirzəyevin, Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri Məzahir Rzayevin, Torpaq və bitki analizləri laboratoriyasının aparıcı elmi işçisi Yasin Kərimovun mövzu üzrə aidiyyatı sualları akademik tərəfindən ətraflı olaraq cavablandırıldı. İnstitutun direktoru C.Təlai yekun nitqində əldə olunan məlumatlara görə akademik Qərib Məmmədova təşəkkürünü bildirdi və belə elmi seminarların mütəmadi olmasını arzuladı.

 

© 2020 Əkinçilik ETİ