Əkinçilik ET İnstitutunda “Bitkilərin stres amillərə tolerantlığının tədqiqi metodları və onların seleksiyada tətbiqi” mövzusunda növbəti elmi seminar keçirildi
15.04.2019 tarixində Əkinçilik ET İnstitutunda elmi seminar keçirildi. Seminarı institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov açdı. O, bildirdi ki, perspektivli gənc kadrların elmə maraq göstərməsi və müasir dövrün tələblərinə cavab verməsi onun gələcəyə daima nikbin baxmasına səbəb olur. N. Hümmətov həmçinin gənc alimlərə həmişə dəstək olmağa hazır olduğunu diqqətə çatdırdı. Çıxış nitqindən sonra o, sözü institutun “Bitki seleksiyası”şöbəsinin kiçik elmi işçisi Aysel Labazanovaya verdi. A.Labazanova “Bitkilərin stres amillərə tolerantlığının tədqiqi metodları və onların seleksiyada tətbiqi” mövzusunda təqdimatla çıxış edərək, bitkilərdə stres, stres amilləri və onun formaları, bitki orqanizmlərinə stres amillərin təsiri, bitkilərin stres amillərə tolerantlığı, bitkilərin stres amillərə tolerantlığının tədqiqi metodları, bitkilərdə stres amillərə tolerantlıq metodlarının seleksiyada tətbiqi haqqında seminar iştirakçılarına maraqlı məlumatlar çatdirdı. Sonra mövzu ətrafında elmi müzakirələr aparıldı. Suallar ətraflı olaraq cavablandırıldı. Seminar işini müvəffəqiyyətlə başa vurdu.