Xəbərlər

İnstitutun əməkdaşları Gəncə Dövlət Universitetində keçirilən beynəlxalq konfransda iştirak etdilər

03-04.05.2019-cu il tarixində Gəncə şəhərində Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans  keçirildi. Konfransın keçirilməsində məqsəd müasir təbiət və iqtisad elmlərinin müxtəlif sahələrində aparılan elmi tədqiqatların nəticələrini, ali təhsil müəssisələrində müvafiq predmetlər üzrə tədris məsələlərini, habelə bu elm sahələrində beynəlxalq səviyyədə baş verən tendensiyaları və tədris innovasiyalarını  birgə müzakirə etmək olmusdur.

Konfransda Azərbaycanın müxtəlif universitet və elmi-tədqiqat institutlarının elmi kontingeti ilə yanaşı Türkiyə, Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitet və elmi-tədqiqat mərkəzlərindən görkəmli alimlər iştirak etmişlər.   

Konfransın plenar iclasından sonra üzvi, qeyri-üzvi və neft kimyasının, ümumi biologiyanın, ekologiyanın, aqrar elmlərin, fiziklanın, iqtisadiyyatın və digər elm sahələrinin  müasir aktual problemlərinin müzakirəsi 17 elmi istiqaməti özündə birləşdirən bölmə iclaslarında davam etdirildi. Habelə, konfransda Azərbaycanda qeyri-neft sektorunun, iqtisadiyyatın ayrı-ayrı sahələrinin rəqabətqabiliyyətinin yüksəldilməsi və davamlı iqtisadi inkişafa nail olunması yollarının araşdırılması məsələləri elmi müzakirələrin mövzusu oldu. Konfransın 5 hissədən ibarət olan materiallarına 600-dən çox elmi məruzələrin mətni daxil olmuşdur.

Konfransda ET Əkinçilik İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Hümmətov və Bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Təmraz Təmrazov iştirak etmişlər. N.Hümmətovun “Dağlıq şirvanın dəmyə şəraitində açıq-şabalıdı torpağın bəzi aqrofiziki xassələrinin qiymətləndirilməsi” mövzusunda, T.Təmrazov isə “Yetişmə müddətinə görə fərqlənən buğda genotiplərinin morfofizioloji və aqronomik göstəricilərinə quraqlığın təsirinin  və yüksək məhsuldarliğı şərtləndirən əlamətlərin müəyyən edilməsi” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və geniş müzakirəyə səbəb olmuşdur.

Yekun iclasında konfransın qətnaməsi qəbul olunmuş və konfrans öz işini müvəffəqiyyətlə başa vurmuşdur.  

© 2020 Əkinçilik ETİ