Xəbərlər

Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər

06-17.05.2019-cu il tarixlərində Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin əyani şöbəsinin bakalavriat təhsil səviyyəsində Torpaqşünaslıq və Aqrokimya ixtisası üzrə təhsil alan IV kurs T054A və T055R qrup tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tədqiqat laboratoriyaları və Abşeron yardımçı təcrübə təsərrüfatında təcrübə keçdilər. Təcrübəkeçmə fakültənin “Torpaqşünaslıq” kafedrasının müəllimləri b.ü.f.d., dosent Rüxsarə Həsənova və b.ü.f.d. Tatyana Xolinanın bilavasitə iştirakı ilə Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Hümmətovun təşkilatçılığı və ümumi rəhbərliyi altında həyata keçirildi.

İlk öncə Nizami Hümmətov tələbələrə institutun yaranma tarixi, 70 ilə yaxın fəaliyyəti dövründə əldə etdilmiş nailiyyətlər, hazırlanmış yüksək səviyyəli elmi kadr potensialı, müxtəlif proqramlar üzrə respublika üçün prioritet dənli-taxıl, dənli-paxlalı və yem bitkiləri, onların seleksiyası, gübrələnməsi və becərilməsi  texnologiyası istiqamətlərində institutda aparılan elmi-tədqiqt işlərinə dair ətraflı məlumat verdi. Nizami Hümmətov və istehsalat üzrə direktor müavini Atif Zamanov tələbələrə institutun Abşeron yardımçı təcrübə təsərrüfatında müxtəlif bitkilərlə (buğda, arpa, noxud, mərcimək, yonca, raps, lərgə, gülül və s.) qoyulmuş təcrübələrdə aparılan bitki (seleksiya, fizioloji, morfoloji, bitki mühafizə və s.) və torpaq (torpaq nümunələrinin götürülməsi, tarla şəraitində bir sıra aqrofiziki xassələrin – torpaq rütubəti, rütubət potensialı və s.) tədqiqatları haqqında geniş məlumat verdilər. Habelə, tələbələr 3-4 tarlalı (arpa, buğda, soya, qarğıdalı) qısa rotasiyalı əkin dövriyyəsi ilə tanış oldular və əkin dövriyyəsinin bitkilərin məhsuldarlığına, torpağın qida rejiminə və aqrofiziki xassələrinə təsiri barədə məlumat aldılar.   

Sonrakı bir neçə gündə İnstitutun Torpaq və bitki analizləri laboratoriyasının müdiri a.e.ü.f.d., dosent İmralı Hacıməmmədov tələbələrə laboratoriyanın fəaliyyət istiqamətləri haqqında məlumat verdi, o cümlədən onlara torpaq-aqrokimyəvi tədqiqat metodları, təyin edilən mühüm aqrikimyəvi göstəricilər, mineral və üzvi gübrələr və s. haqqında ətraflı məlumat verildi və bu tədqiqatlardan əldə olunmuş elmi informasiyanın kənd təsərrüfatında və əkinçilikdə yüksək əhəmiyyətə malik olduğu qeyd edildi. Bir sıra aqrokimyəvi laboratoriya cihazları əyani olaraq tələbələrə nümayiş etdirildi və onların iş prinsipi izah olundu. Xüsusi olaraq torpaqda humusun miqdarının, mineral qida elementlərinin (NPK) və onların müxtəlif mənimsənilmə formalarının, torpağın pH-ı və duzluluq göstəricilərinin, makro- və mikroelementlərin təyini metodları və s. haqqında tələbələrə geniş məlumat verildi.  

Həmin laboratoriyada aparılan aqrofiziki tədqiqatlar haqqında məlumatı Nizami Hümmətov verərək torpağın aqrofiziki xassələrinin çox mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi və əyani olaraq bir sıra müasir aqrofiziki cihazlarla tələbələri tanış etdi, onların iş prinsipini əsaslandırdı. Tələbələrə əyani olaraq müxtəlif torpaq nümunəsi götürən burlar, qranulometrik tərkibi təyin etmək üçün cihaz, aqreqatların mexaniki dayanıqlığını və suyadavamlığını təyin edən müasir tipli aqreqat analizatoru, torpağın susaxlama və susızdırma qabiliyyətini təyin edən müasir tipli cihazlar nümayiş etdirildi və bir sıra torpaq-aqrofiziki xassələrinin (torpağın sıxlığı, ümumi və aerasiya məsaməliyi, kütlə və həcmi nəmliyi, nəmlik ehtiyatı və s.) hesablanma qaydaları haqqında məlumat verildi.

Təcrübəkeçmə qarşılıqlı anlaşma şəraitində başa çatdı və Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olduqları müddətdə təcrübə sahələrində və laboratoriyada xatirə şəkillərinin çəkilməsi təşkil edildi.   

 

© 2020 Əkinçilik ETİ