Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Rusiya Federasiyasının Belqorod şəhərində keçirilən elmi-praktiki konfransda iştirak etmişdir

19-21 iyun 2019-cu il tarixlərində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, aqrar elmlər üzrə elmlər doktoru Kərimov Yasin Həbib oğlu Belqorod şəhərində Rusiya Elmlər Akademiyasının Belqorod Federal Aqrar Elm Mərkəzinin təşkilatçılığı ilə “Kənd təsərrüfatı istehsalının və əkinçiliyin kimyalaşmasının innovativ istiqamətləri” mövzusunda keçirilən və beynəlxalq iştirakçılar da təmsil olunan Ümumrusiya elmi-praktiki konfransında iştirak etmişdir.

Konfransda kimyalaşmanın aqroekoloji və iqtisadi aspektləri, əkinçiliyin adaptiv-landşaft sisteminin müasir inkişaf istiqamətləri, torpaq münbitliyinin mühafizəsi və yüksəldilməsi, müasir texnologiyalar üçün seleksiya və toxumçuluq və yem istehsalının aktual məsələləri üzrə çoxsaylı məruzələr  dinlənilmiş və onlar ətrafında müzakirələr aparılmışdır.

Yasin Kərimov bu konfransın  “Torpaq münbitliyinin mühafizəsi və təkrar istehsalı yolları”  istiqamətindəki  bölməsində   “Azərbaycan Respublikasının eroziyatəhlükəli aqrolandşaftlarında torpaq münbitliyinin bərpa edilməsi yolları” mövzusunda təqdimatla çıxış etmişdir. O, çıxışı zamanı Azərbaycanın eroziyaya uğramış kənd təsərrüfatı torpaqları və eroziya nəticəsində bu torpaqlara vurulan zərər, eləcə də Ermənistanın Azərbyacana təcavüzü nəticəsində torpaqlarımıza dəyən ziyan və bütün bunların aradan qaldırılması üçün həyata keçirilməli olan müvafiq zəruri və  təxirəsalınmaz tədbirlər barədə  konfrans iştirakçılarına ətraflı məlumat vermişdi. Y.Kərimovun çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki,  Y.Kərimov həmin konfransla bağlı “Rossiya” telekanalının Belqorod  filialına qısa müsahibə vermişdir.

© 2020 Əkinçilik ETİ