Xəbərlər

Əkinçilik İnstitutunda beynəlxalq ekspertin iştirakı ilə hibrid qarğıdalı toxumçuluğuna həsr edilmiş elmi-praktiki konfrans keçirildi

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə 26 iyul 2019-cu il tarixində Əkinçilik ET İnstitutunda “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun inkişaf etdirilməsində beynəlxalq təcrübənin tətbiqinin perspektivləri”nə həsr edilmiş elmi-praktiki konfrans keçirildi. Konfransda Əkinçilik ET İnstitutunun, eləcə də Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının alim və mütəxəssisləri ilə yanaşı qarğıdalı ilə məşğul olan fermerlər də iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai kənd təsərrüfatının, xüsusən də onun qarğıdalı sahəsinin ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğuna, cari təsərrüfat ilində qarğıdalı əkini sahələrinin mövcud vəziyyətinə, Azərbaycanda qarğıdalının elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik ET İnstitutunun qarşısında duran vəzifələrə, qarğıdalı sahəsinin strateji istiqamətləri və tədqiqat prioritetlərinə və digər məsələlərə toxundu.

Əkinçilik institutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev “Azərbaycanda qarğıdalı sahəsinin dinamik inkişafının təmin edilməsində qarşıda duran vəzifələr” mövzusunda çıxış etdi. O, çıxışında ölkədə qarğıdalının əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində və heyvandarlığın güclü yem bazasının yaradılmasında və təkrar əkinlərdə rolu, son illər yaradılmış sort və hibridlərin üstünlükləri, iqtisadi baxımdan səmərəli becərilmə texnologiyalarına toxundu. İnstitutun “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Firudin Şərbətov qarğıdalı hibridlərinin alınmasında təmiz xəttlərin yaradılması və seçilməsinin əhəmiyyətini, yerli sort populyasiyaları əsasında inbridinq xəttlərin yaradılmasını, mühitin qeyri-əlverişli amillərinə qarşı davamlı sortların yaradılmasında yerli qarğıdalı sortlarına üstünlük verilməsinin vacibliyini qeyd etdi.

“Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova hibrid qarğıdalı toxumçuluğunda “Doubl haploid” texnikasının üstünlüklərini və gələcəkdə bu üsulla fermerlərin hibrid toxumları ilə təmin edilməsini qeyd etdi.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Adana şəhərində fəaliyyət göstərən Doğu Akdeniz Tarımsal Araştırma İnstitutunun direktor müavini və Azərbaycanda ekspert qismində səfərdə olan Dr. İbrahim Cerit “Hibrid qarğıdalının seleksiyası və toxumçuluğunun təşkilində Türkiyə təcrübəsi” adlı təqdimatla çıxış etdi. O, hibrid qarğıdalı toxumçuluğu üzrə ekspert qismində Azərbaycana dəvət olunduğuna görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildirdi. O, çıxışında dünyada, eləcə də Türkiyədə hibrid qarğıdalı istehsalında ən ucuz və qısa müddətdə nəticə verən innovativ “Double haploid” texnikasının üstünlüklərinə, hibrid qarğıdalı toxumçuluğunun əsasını təşkil edən induzer xəttlərinin alınmasına toxundu və bu mütərəqqi üsulla Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun əsasının qoyulmasına yardımçı olacağını bildirdi.

Konfrans öz işini Əkinçilik ET İnstitutunun Abşerondakı təcrübə bazasının tarla şəraitində davam etdi. Konfrans iştirakçıları burada yerli və xarici qarğıdalı və eləcə də ölkə üçün prioritet olan dənli-paxlalı, yem bitkilərindən ibarət qoyulmuş tarla təcrübələri ilə tanış oldular. Konfrans konstruktiv şəraitdə keçdi, mövzu ətrafında geniş müzakirələr aparıldı və tədbir iştirakçılarının sualları ətraflı cavablandırıldı.  

© 2020 Əkinçilik ETİ