Xəbərlər

Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarında “Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirildi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiq etdiyi iş planına əsasən Əkinçilik Elmi Tədqiqat İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının  müdiri Sevil Abbasquliyeva  05.08.2019-cu il tarixində Sabirabad və Saatlı, 06.08.2019-cu il tarixində isə Salyan və Neftçala rayonlarında yemçiliklə məşğul olan fermer, sahibkar və kənd təsərrüfatı mütəxəssislərinin  iştirakı ilə “Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirmişdir.

Təlimdə Sevil Abbasquliyeva respublikada heyvandarlığın inkişafında möhkəm yem bazasının yaradılmasının zəruriliyindən, bu sahədə yaşıl konveyerin  rolundan və mövcud problemlərdən söhbət açmışdır. Təlimçi S.Abbasquliyeva  yem bitkilərindən və onlardan yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qulluq işlərindən, üzvi və mineral gübrələrin əhəmiyyətindən, torpağın qida maddələri ilə zənginləşdirilməsində paxlalı yem bitkilərinin rolundan və heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün tarla yemçiliyinin imkanları barədə geniş məruzə etmişdir. Təlimdə heyvandarlığın inkişafında  əsas amillərdən biri olan silos, senaj, vitaminləşdirilmiş ot unu və başqa yemlərdən də bəhs edilmişdir. Təlimdə əyani vəsait kimi slayd materiallarından istifadə edilmişdir. Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılmış, mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

© 2020 Əkinçilik ETİ