Xəbərlər

İnstitutun Zaqataladakı təcrübə bazasında qarğıdalı və tütünçülük sahələrinə həsr edilmiş təlim seminarı keçirildi

Cari ilin 28 iyul tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə institutun Zaqatala rayonunda yerləşən Zaqatala Bölgə Təcrübə Təsərrüfatında “Tütün və Qarğıdalı əkinlərinin məhsuldarlığını və keyfiyyətini təmin edən becərmə texnologiyası” mövzusunda təlim seminarı keçirildi. Seminarda 30-a qədər fermer iştirak edirdi.
Seminarı giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai ölkə Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafına göstərdiyi böyük qayğıdan və Strateji Yol Xəritəsində bu sahənin inkişafının prioritet istiqamətlərindən danışdı. Elmi əsaslandırılmış dövlət proqramları, regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, kənd təsərrüfatı və onun emal məhsullarının istehsalının artırılması, kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan verən elmi təminatın daha da yaxşılaşdırılması üçün institut tərəfindən görülən tədbirlər barədə məlumat verdi.
Zaqatala Bölgə Təcrübə Təsərrüfatının direktoru Nəbi Kərimov seminar iştirakçılarını salamlayaraq stansiyanın məqsəd və vəzifələri haqqında məlumat verərək respublikamızda aqrar sahənin son dövrlərdə inkişafından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından ətraflı danışdı. Son illər rayon ərazisində aqrar sahənin inkişafı üçün həyata keçirilən layihələr barədə məlumat verdi. Bölgədə qarğıdalı və tütün bitkisinin inkişaf etdirilməsində bu seminarın xüsusi əhəmiyyəti olacağını qeyd etdi.
Seminarın proqramına uyğun olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Bəhlul Abbasov tədbir iştirakçəlarına “Tütün əkinlərindən yüksək və keyfiyyərli məhsul alınmasını təmin edən becərmə texnologiyasının əsasları” mövzusunda çıxış edərək tütün bitkisinin son illər ölkəmizdə inkişaf dinamikasını qeyd edərək onun iqtisadi baxımdan üstünlükləri, yüksək və keyfiyyətli tütün məhsulunun alınmasında mütərəqqi becərmə texnologiyaları, institutun rayonlaşmış bütün sortları haqqında məlumat vermişdir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev “Qarğıdalı bitkisinin dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər” mövzusunda çıxış edərək qarğıdalı bitkisinin bölgə üçün əhəmiyyətindən, onun dən və ya yem kimi üstünlüklərini qeyd edərək, dəmyə şəraitində yüksək məhsuldarlığa şərtləndirən amillər, institutun torpaq və bitki analizləri laboratoriyasının müdiri İmrəli Hacıməmmədov “Tütün və qarğıdalı bitkilərinin becərilməsində üzvi və mineral gübrə normalarının müəyyənləşdirilməsinin iqtisadi əhəmiyyəti” mövzusunda çıxış edərək bu bitkilərdən yüksək və keyfiyyətli məhsul alınmasında üzvi və mineral gübrələrin normalarının, verilmə üsullarının və vaxtının aktuallığı haqqında seminar iştirakçılarını məlumatlandırmışlar. Zaqatala Bölgə Təcrübə Stansiyasının elmi əməkdaşları Nərgiz Abdullayeva, Əminət Əliyeva və Həbib Sofiyev isə stansiyada qarğıdalı və tütün bitki sortları ilə qoyulan tarla təcrübələri haqqında ətraflı məlumatlar vermişlər.
Müzakirələr zamanı seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılmış və onlara qarğıdalı və tütün bitkilərinin becərilməsi, vaxtında itkisiz tədarük edilməsi və saxlanması barədə praktiki bilgilər verilmiş və əyani vəsait olaraq bu bitkilərin becərilmə texnologiyaları haqqında bukletlər paylanmışdır.
Təlim seminarının gedişi “arb” televiziya kanalı vasitəsilə işıqlandırıldı.

 

© 2020 Əkinçilik ETİ